“Yeni klinika”nın direktoru Pərviz Abbasov rüşvət almaqda ittiham olunaraq həbs edilib. Bu barədə Baş Prokurorluq məlumat verir.
“Yeni klinika” Publik Hüquqi Şəxsin direktoru Pərviz Abbasovun qurumun digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olub koronavirus xəstələrinin özünün rəhbəri olduğu tibb müəssisəsində yerləşdirilməsi müqabilində onların yaxınlarından müxtəlif məbləğlərdə pul vəsaitinin rüşvət qismində yığılaraq sonradan öz aralarında bölünməsinə dair əvvəlcədən ümumi razılaşma əldə etməsinə, həmin razılaşmaya uyğun olaraq öz tanışları olan Əvəz Hüseynov, Samir Mirzəyev Qənaət və Vüsalə Əliyeva vasitəsi ilə ayrı-ayrı koronavirus xəstələrinin “Yeni klinika” tibb müəssisəsində stasionar müalicə alması üçün yerləşdirilməsi müqabilində onların yaxınlarından hər xəstənin yerləşdirilməsi üçün 3 min-3,5 min manat məbləğində pul vəsaitini alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməsinə, pul vəsaitlərini aldıqdan sonra verdiyi göstərişlə xəstələrin sözügedən tibb müəssisəsinə qəbul edilməsini təmin etməsinə əsaslı şübhələr müəyyən olunub”, - Baş Prokurorluğun məlumatında qeyd edilir.
.Cinayət işi üzrə toplanmış sübutlarla Pərviz Abbasova Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham elan olunmuş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Habelə, Əvəz Hüseynov və Vüsalə Əliyeva həmin məcəllənin 32.5,311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət almada köməkçilik) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barələrində həbslə bağlı olmayan başqa qətimkan tədbiri seçilmiş, Samir Mirzəyev isə eyni qanunsuz əməllərin törədilməsinə görə şübhəli şəxs qismində tutulub. **
B.Rüstəmbəyov