Bu gün Prezident İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
“Telefon danışığı əsnasında dövlət başçıları ABŞ prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatını qınadılar”, - deyə Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.
Bu qərarın yanlış olduğunu qeyd edən Prezident İlham Əliyev onu tarixi səhv adlandırıb və qəbuledilməz hesab etdiyini vurğulayıb.
“Söhbət zamanı Prezident İlham Əliyev açıqlamanın regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğunu bildirib”, - deyə məlumatda qeyd olunur.
Prezident Rəcəb Tayyib Ərdoğan dəstəyə və ifadə etdiyi mövqeyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib və Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu diqqətə çatdırıb.
“Dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin bütün sahələrdə yüksələn xətt üzrə inkişafından məmnunluqlarını ifadə ediblər”, – deyə məlumatda vurğulanır.*
A.Əzizov