Baş Prokurorluq erməni işğalından azad olunan Kəlbəcər rayonunda azərbaycanlıların kütləvi şəkildə meyitlərinin basdırıldığı yerlərin müəyyən edilməsi faktı ilə əlaqədar cinayət işi başlayıb.
“İstintaq hərəkətləri zamanı Kəlbəcər rayonunun Başlıbel kəndində 1993-cü ilin aprel ayında erməni hərbçiləri tərəfindən Birinci Qarabağ müharibəsində öldürülmüş 12 nəfərin meyitlərinin qalıqları aşkar edilib. Öldürülənlərdən biri yeniyetmə və bir nəfər isə uşaqdır”, - məlumatda deyilir.
Zərərçəkmişlərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün meyit qalıqlarından və dəfn edilmiş şəxslərin yaxın qohumları olduğunu iddia edən ailə üzvlərindən DNT-nin (dezoksiribonuklerin turşusu) təyini məqsədilənümunlər götürülərək molekulyar-genetik və digər xüsusatların araşdırlması üçün tibbi-kriminalistik ekspertizalar təyin edilib.
Hazırda hadisənin sağ qalmış şahidlərinin müəyyən edilməsi, onların dindirilməsi və iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi istiqamətində digər zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Məlumata əsasən, Azərbaycan prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Ermənistanın keçən əsrin 90-ci illərindən başlayaraq Azərbaycan vətəndaşlarına qarşı sülh və insanlıq əleyhinə törətdiyi cinayətlərin araşdırlması və təqsirkar şəxslərin müəyyən edilərək milli və beynəlxalq məhkəmə məsuliyyətə cəlb edilməsi istiqamətində fəaliyyət davam etdiriləcək. **
X.Nəsirzadə