Azərbaycanın erməni işğalından azad olunmuş ərazilərində 3 nəfər mina düşüb, onlardan bir nəfər həlak olub. Bu barədə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətlərinin birgə məlumatında bildirilir.
“Bazar ertəsi Ağcabədi rayonun 3 nəfər sakini nəzarət postlarından kənar yollarla işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərərkən minaya düşüblər. Partlayış nəticəsində bir nəfər hadisə yerində ölüb, digər iki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər”, - məlumatda deyilir.
“Faktla bağlı Ağdam rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.7 (qəsdən iki və ya daha çox şəxsi öldürmə) və digərmaddələri ilə cinayət işi başlanılıb”, - məlumatda qeyd olunur.
İlkin araşdırmalarla mərhum Şahin Verdiyevin bu il martın 30-da işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd edərkən polis əməkdaşları tərəfindən saxlanılması və Ağdam Rayon Məhkəməsinin qərarı ilə 16 sutka inzibati qaydada həbs edilməsi müəyyən edilib.
Azərbaycan hökuməti dəfələrlə bəyan edib ki, Qarabağda işğaldan azad olunan bütün ərazilər Ermənistan tərəfindən minalanıb. Yüksək risklərin olduğu nəzərə alaraq hökumət Azərbaycan vətəndaşlarını həmin ərazilərin minalardan təmizlənməsi prosesi sona çatmayana qədər həmin yerlərə səfərlərdən çəkinməyə çağırıb.
DİN-in məlumatına görə, 2020-ci il noyabrın 10-dan etibarən Qarabağda Azərbaycanın 20 dinc sakini və hərbi qulluçusu minaya düşərək həlak olub, daha 85 nəfər müxtəlif dərəcəli xəsarət alıb. **
N.Abbasova