“Kapital Bank” daxili ipoteka məhsulu üzrə kreditləşmə həcmini 100 milyon manat səviyyəsinə çatdırmağı planlaşdırır. Bunu bankın Pərakəndə Satış İdarəsinin baş direktoru Ramil İmamov deyib.
“Əvvəlki illərdə olduğu kimi, bu il də bankımız İpoteka və Kredit Zəmanət Fondu, həmçinin MİDA vəsaiti hesabına kreditləşməni davam etdirir və cari ilin 3 ayı üzrə 13 milyon manat vəsait müştərilərin mənzil ehtiyaclarının qarşılanmasına yönləndirilib. İpoteka sahəsində qarşımıza qoyduğumuz əsas hədəflərdən biri daxili ipoteka məhsulu üzrə kreditləşmə həcmini 100 milyon manat səviyyəsinə çatdırmaqdır”, - deyə o, bankın mətbuat xidmətinə müsahibəsində bildirib.
R.İmamov qeyd edib ki, “Kapital Bank” 2020-ci ildə kreditləşmə həcmini 2019-cu illə müqayisədə 3 dəfə artıraraq 45 milyon manat səviyyəsinə çatdırıb.
“Ötən il üzrə bank sektorunda ilk dəfə olaraq “Kapital Bank” tərəfindən daxili resurslar hesabına regionlarda güzəştli şərtlərlə ipoteka kreditlərinin verilməsinə başlanıb. Qeyd olunan məhsulun regionlarda mənzil bazarının aktivləşməsində dəstəyinin olması, əsas etibarilə sosial müştəri təbəqəsini əhatə etməsi və sərfəli şərtlərinin mövcudluğu müştərilər arasında yüksək marağa səbəb olub. Bu məhsul növü üzrə ötən il ərzində 363 ailə yararlanıb və mənzil sahibi olub. 2020-ci il üzrə digər ipoteka məhsulları üzrə statistik göstəricilərə nəzər salsaq, İpoteka və Kredit Zəmanət Fondu, həmçinin MİDA vəsaiti hesabına 28 milyon manat, daxili resurslar hesabına isə planlaşdırıldığı kimi 10 milyon manat məbləğində ipoteka limiti rəsmiləşdirilib”, - deyə baş direktor qeyd edib.*
Ə.Məmmədov