Azərbaycan Çindən təmənnasız olaraq COVID-19 infeksiyası əleyhinə 150 min doza peyvənd alıb. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Məlumata görə, bu gün tərəflər arasında peyvəndin (CoronaVac – İF) təhvil-təslim Aktı imzalanıb.
Azərbaycanda vaksinasiya prosesinə 2021-ci il yanvarın 18-dən başlanılıb və könüllü xarakter daşıyır. Peyvəndləmənin 2021-2022-ci illərdə mərhələli şəkildə aparılması planlaşdırılır.
Hazırda Azərbaycanda peyvəndlənmə “CoronaVac” peyvəndi ilə həyata keçirilir. Azərbaycan Rusiya Federasiyasının “Human Vaccine” MMC ilə 300 min doza “Sputnik V” dərman vasitəsinin ölkəyə idxalı haqqında da müqavilə imzalayıb. Həmçinin “AztraZeneca” şirkətinə məxsus 432 min doza vaksinin idxalı haqqında müqavilə bağlanıb. Eyni zamanda, COVAX platforması çərçivəsində də vaksinin alınması planlaşdırılır.*
X.Nəsirzadə