Bu yaxınlarda Azərbaycanla sərhədin Zəngilan istiqamətində Ermənistan tərəfindən törədilən hərbi təxribat sonuncu cəhd olmalıdır. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədinin Zəngilan istiqamətində bizim sərhədçilərimizə qarşı edilən hərbi təxribat sonuncu belə cəhd olmalıdır. Biz təmkinlik göstərərək bu təxribata cavab vermədik. Amma bu, sonuncu xəbərdarlıqdır. Əgər bir daha buna oxşar cəhd göstərilərsə, düşmən yerindəcə məhv ediləcək”, - Əliyev sərhədçilərlə görüş zamanı bildirib.
Həmçinin, dövlət başçısı qeyd edib ki, Ermənistanda baş qaldıran revanşist qüvvələr yenə də Azərbaycana qarşı ittihamlarla çıxış edərək, bizə qarşı ərazi iddiası irəli sürürlər.
“Onlara, bax, buradan xəbərdarlıq etmək istəyirəm ki, bu çirkin əməllərdən əl çəksinlər, yoxsa onların axırı pis olacaq. Biz Vətən müharibəsi dövründə kimin kim olduğunu göstərdik. Dəmir yumruq düşmənin başını əzdi”, - prezident deyib.
Xəbər verildiyi kimi, aprelin 22-də Dövlət Sərhəd Xidməti məlumat verib ki, aprel ayının 21-də Zəngəzur vilayətinə məlum səfərindən sonra Ermənistan tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində təxribatlar törədilmişdir.
“Aprelin 21-də axşam saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Seyidlər kəndində yerləşən Dövlət Sərhəd Xidmətinin bölmələri, eləcə də bu istiqamətdə Ermənistan tərəfdə xidmət aparan Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin bölmələrinin yerləşdiyi mövqelər Ermənistan hərbi qulluqçuları tərəfindən atəşə tutulmuşdur”,- DSX-dən qeyd olunur.
Hadisə ilə bağlı, Rusiya sərhədçiləri Azərbaycanlı həmkarlarına müraciət edərək təxribat törədən şəxslərin içkili vəziyyətdə olduqlarını bildirmiş və hadisəyə reaksiya verilməməsini xahiş etmişlər.
“Rusiya tərəfinin müraciətini nəzərə alaraq, Azərbaycan sərhədçiləri tərəfindən təmkinlik nümayiş etdirilmiş və cavab atəşi açılmamışdır. Hadisədən sonra təxribat törədən Ermənistan hərbi qulluqçularının ərazidən uzaqlaşdırılması barədə Azərbaycan tərəfinə məlumat verilmişdir”, - məlumatda deyilir.
Eyni zamanda, həmin gün Qubadlı rayonunun Şurnuxu kəndi istiqamətində 30-40 avtomobildə dövlət sərhədinə doğru hərəkət edən bir qrup şəxs erməni dilində Azərbaycan əleyhinə şüarlar səsləndirmişlər.
“Dövlət Sərhəd Xidməti rəsmi olaraq bildirir ki, bu cür təxribat halları gələcəkdə bir daha təkrarlandığı halda tərəfimizdən ən kəskin cavab tədbirləri görüləcəkdir», - məlumatda vurğulanır. **
B.Rüstəmbəyov