Bu ilin noyabr-dekabr aylarında Zəngilan rayonunda süd ferması inşa olunacaq, burada italyan pendirlərinin istehsalı planlaşdırılır.
Prezident İlham Əliyev Zəngilan rayonuna səfəri çərçivəsində “Ağıllı kənd” pilot layihəsi ilə tanış olub.
Süd fermasının tikintisi layihəsinin meneceri Cüzeppe Grisoliya qeyd edib ki, müəssisənin inşası başa çatandan sonra burada “motsarella”, “burrata” və digər növ camış pendirlərinin istehsalının həyata keçirilməsi planlaşdırılır.
“Biz südçülük fermasını qurandan sonra tam təlim kursu keçəcəyik. Bu təlim sayəsində Azərbaycanda birinci nəsil bacarıqlı pendir hazırlayanlar yetişdiriləcək. Biz Azərbaycanda sadə keyfiyyətdə camış pendirinin istehsal olunmasını istəmirik. Bizim hədəfimiz yüksək keyfiyyətli südçülük sektorunun yaradılmasından ibarətdir ki, Azərbaycan da İtaliya kimi mükəmməl “motsarella di buffalo” pendirlərinin istehsalçısı olsun”, - deyə o bildirib.
İsrail şirkətinin təmsilçisi dövlət başçısına məruzə edib ki, İsrail Zəngilanda, əvvəlcə, 300-400 başlıq camış ferması tikəcək, sonra onun 1000 başa çatdırılması planlaşdırılır.
O qeyd edib ki, heyvanlar sensorlarla təchiz ediləcək. “Biz peyin emalı ilə də məşğul oluruq. Peyindən gübrə və bioqaz əldə edə bilirik. Fərqli variantlar var. Tullantı sularının təmizlənməsi, günəş enerjisi”, – deyə israilli nümayəndə əlavə edib.
Kənd təsərrüfatı naziri İnam Kərimov prezidentə məruzə edib ki, camışlar İtaliyadan idxal olunacaq.*
X.Nəsirzadə