Qarabağda onlarla dini abidəni məhv etmiş Ermənistan Azərbaycana qarşı mədəni soyqırımı törədib. Bu sözləri Prezident İlham Əliyev deyib.
“Ermənilər tərəfindən dağıdılmış və təhqir edilmiş bütün dini məbədlərimizin əvvəlki görüntüləri və işğaldan sonrakı görüntüləri tərtib edilir və dünya birliyinin diqqətinə çatdırılır. Bu gün ermənilərin mədəni irsi ilə əlaqədar öz narahatlığını ifadə edən bəzi xarici nümayəndələr, bax, bunu görsünlər, Zəngilan məscidinin qalıqlarını görsünlər, Şuşa məscidlərinin qalıqlarını görsünlər və görsünlər ki, Ermənistan dövləti bizə qarşı mədəni soyqırımı da törədib”, - deyə dövlət başçısı Zəngilan rayonuna səfəri zamanı bildirib.
O bəyan edib ki, işğal dövründə Qarabağdakı məscidlərdən tövlə kimi istifadə olunub, orada donuz saxlanılıb.
Prezident əlavə edib ki, bütün dövlət qurumlarına göstəriş verildi, ictimai təşkilatlardan xahiş edildi ki, bütün beynəlxalq qurumlarda erməni vəhşiliyi haqqında məlumatlar verilsin - faktlarla, sübutlarla, şəkillərlə.
“ICESCO-nun baş katibi azad edilmiş torpaqlarda olub, dağıdılmış Ağdam məscidini görüb və erməni vəhşiliyi haqqında artıq bütün müsəlman ölkələrini məlumatlandırır. Biz də bu işdə fəal olmalıyıq”, - deyə İ.Əliyev qeyd edib.
O vurğulayıb ki, Qarabağda dini abidələrin bərpasına start verilib. “Biz bütün tarixi, dini abidələrimizi bərpa edəcəyik. Şuşa şəhərində artıq məscidlərin bərpasına start verilib. Ağdam Cümə məscidinin bərpası ilə əlaqədar hazırlıq işləri gedir. Bu gün Zəngilan şəhərində yerləşən məscidin yenidən bərpası, konservasiyası işlərinə start verilir”, - deyə dövlət başçısı əlavə edib.*
X.Nəsirzadə