Bakı Nəqliyyat Agentliyi 2021-2022-ci illərdə 320 yeni avtobus almağı planlaşdırır. Bu barədə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bəyan edib.
“Paytaxtın avtobus parkının yenilənməsi üzrə işləri davam etdiririk. Bununla əlaqədar, bu il və gələn il Türkiyədən ümumilikdə 320 yeni avtobusun alınması planlaşdırılır. Bunların bəziləri 9, bəziləri 18 metrlikdir, əsasən Bakıətrafı qəsəbələrdə fəaliyyət göstərəcək. Bu nəqliyyat vasitələrinin tender əsasında tədarükçüsü qismində Türkiyənin BMC şirkəti seçilib”, - Kərimli çərşənbə günü mətbuat konfransında bildirib.
Kərimli vurğulayıb ki, 2022-ci ildən etibarən paytaxtda sərnişindaşıma üçün alınacaq bütün yeni avtobuslar CNG ilə çalışacaq. “Hazırda Bakıda yeni avtobusların 74%-i CNG ilə çalışır”, - o bildirib.
O qeyd edib ki, 2016-2020-ci illər ərzində Bakıda avtobus parkının ümumilikdə 46%-i yenilənib. Həmçinin, hesabat dövründə 968 avtobus alınıb. Bunların 724 ədədi BNA tətərfindən xaricdən gətirilib, daha 244 ədədi özəl daşıyıcılar tərəfindən alınıb.
O cümlədən, Kərimli məlumat verib ki, 2020-ci ildə Azərbaycana 119 yeni avtobus gətirilib. Bunların 115 ədədi BNA xətti ilə, 4 ədədi - özəl sektor tərəfindən gətirilib.
“Bundan başqa, son 5 il ərzində sərnişidaşımanın təhlükəsizliyinin təminatı və bu xidmətlərin fasiləsiz göstərilməsi məqsədilə 1680 avtobus təmir olunub”, - o əlavə edib.
Bakı Nəqliyyat Agentliyi Azərbaycan prezidentinin 21 dekabr 2015-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.**
N.Abbasova