Çərşənbə günü Azərbaycan prezidenti İlham Əliyev ABŞ dövlət katibi Entoni Blinken ilə telefon danışığı zamanı Azərbaycanla Ermənistan arasında müharibədən sonra regionda vəziyyətlə bağlı Bakının mövqeyini çatdırıb.
“Söhbət zamanı Ermənistan-Azərbaycan müharibəsindən sonrakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev bu məsələ ilə bağlı Azərbaycanın mövqeyini çatdırıb, ölkəmizin ermənilər tərəfindən dağıdılan ərazilərində bərpa işlərinin həyata keçirildiyini qeyd edib”, - Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin məlumatında qeyd olunur.
Əliyev, eyni zamanda, regionda kommunikasiyaların açılmasının önəmini vurğulamış və uzun müddətli sülhün təmin edilməsi ilə bağlı Azərbaycanın mövqeyini diqqətə çatdırıb. “Azərbaycan prezidenti və ABŞ dövlət katibi ATƏT-in Minsk qrupunun gələcək fəaliyyəti ilə bağlı da fikir mübadiləsi aparıblar”, - məlumatda vurğulanır.
Söhbət zamanı Blinken 2021-ci ildə də "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin müvəqqəti dayandırıldığını qeyd etdi.
“Telefon danışığı zamanı tərəflər Azərbaycanda demokratik proseslərin inkişafı, insan haqlarının təmin olunması, siyasi pluralizmin qorunması və təmin edilməsinin önəmini vurğulayıblar”, - məlumatda vurğulanır.
Prezident Əliyev, eyni zamanda, bu günlərdə ABŞ prezidentinin dırnaqarası “erməni soyqırımı” ilə bağlı bəyanatına toxunub. “Əliyev qeyd edib ki, Türkiyə Azərbaycanın yaxın dostu və müttəfiqidir, postmüharibə dövründə bölgəmizdə çox önəmli və müsbət rol oynayır və ABŞ prezidentinin bu açıqlaması Azərbaycan rəhbərliyi və ictimaiyyəti tərəfindən narahatlıqla qarşılanıb”, - mətbuat xidməti qeyd edir.
Həmçinin, söhbət zamanı Əliyev və Blinken ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinin önəmini bildiriblər, enerji təhlükəsizliyi, regional təhlükəsizlik sahələrində əməkdaşlığı qeyd edərək Cənub Qaz Dəhlizi layihəsinin uğurla icra edilməsinin əhəmiyyətini vurğulayıblar, Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyada iştirakını yüksək qiymətləndiriblər.
Telefon danışığı Amerika tərəfinin təşəbbüsü ilə baş tutub. **
A.Əzizov