Azərbaycan 2021-ci ilin yanvar-mart aylarında $501,5 milyon məbləğində qeyri-neft məhsulları ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 16,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
Hesabat dövründə ixracın strukturunda əsas həcm çiyidli pambıq ($68,6 milyon – artım 60,3%), qızıl ($43,2 milyon – artım 19%), xurma ($31,9 milyon – artım 2,3 dəfə), təmizlənmiş fındıq ($28,5 milyon – azalma 21,5%), polipropilen ($26,8 milyon – artım 27%), sıxlığı 0,94-dən az olan ilkin formada polietilen ($21,7 milyon – artım 70,8%), pomidor ($21,3 milyon - azalma 51,5%), polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı maddələr ($17,9 milyon, 2020-ci ildə istehsal olunmayıb) və elektrik enerjisinin ($16,1 milyon – azalma 9,6%) payına düşüb.
Bu dövrdə Azərbaycandan qeyri-neft məhsulları idxal etmiş ölkələrin beşliyinə Türkiyə ($163,1 milyon – artım 1,6 dəfə), Rusiya ($129,8 milyon – azalma 3,4%), İsveçrə ($44,7 milyon – artım 9,6%), Gürcüstan ($38 milyon - azalma 11,4%) və ABŞ ($18,3 milyon – artım 3 dəfə) daxil olub. Beləliklə, qeyri-neft məhsullarının ixrac həcminin 32,5%-i Türkiyənin, 25,9%-i RF-nin payına düşüb.
2020-ci ildə Azərbaycan $1,9 milyard məbləğində qeyri-neft məhsulları ixrac edib ki, bu da 2019-cu ilin göstəricisindən 5,2% azdır. İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2026-cı ilə qədər Azərbaycanın qeyri-neft məhsullarının ixracı $4 milyarda yaxın təşkil edəcək.*
B.Rüstəmbəyov