2021-ci ilin yanvar-aprel aylarında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə Azərbaycandan $64,4 milyon dəyərində ixrac həyata keçirilib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
Yanvar ayında bu göstərici $8,8 milyon, fevralda $20,1 milyon, martda $18,4 milyon, apreldə $17,1 milyon təşkil edib.
2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixracın həcmi 27,2% artıb.
Mərkəzin məlumatına görə, aprel ayında ixracın həyata keçirildiyi ölkələrin ilk beşliyinə İsveçrə, Rusiya, İraq, Türkiyə və Honkonq daxil olub.
Aprel ayında əsasən qiymətli metal külçələri (61,1%), polad armatur yayması (19,5%), günəbaxan yağı (10,7%), meyvə şirələri (1,5%) və süd məhsulları (1%) ixrac olunub.
Aprel ayında yüklərin əsas hissəsi (61,2%) hava nəqliyyatı, 19,8%-i avtomobil nəqliyyatı, 16,2%-i dəmir yolu, qalanı isə digər nəqliyyat növləri ilə ixrac olunub.
2020-ci ildə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə $182,8 milyon məbləğində ixrac həyata keçirilib.
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin 22 fevral 2017-ci il tarixli Fərmanı əsasında yaradılıb.*
B.Rüstəmbəyov