Ermənistanın Milli Təhlükəsizlik Xidməti Azərbaycanla sərhəddə neytral təhlükəsizlik zonasının yaradılmasını məqsədəuyğun hesab edir.
“Sərhəd təhlükəsizliyinin təmin edilməsi, əhali ilə hərbçilər arasında təmasların olmaması üçün neytral zonanın yaradılması məqsədəuyğundur”, - deyə Təhlükəsizlik Xidməti direktorunun müavini Stepan Melkonyan bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin həyata keçirilməsinə qədər insidentlərin baş vermə ehtimalı istisna edilmir.
Melkonyan, həmçinin bildirib ki, Azərbaycanla Naxçıvan arasında əlaqənin təşkili üçün Ermənistan ərazisindən Mehri dəhlizinin yaradılmasından söhbət getmir.
“Üçtərəfli işçi qrupu yol və logistika variantlarını öyrənir. Dəhlizdən söhbət gedə bilməz. Tranzit yüklər üçün dəmir yolları ola bilər, dəhliz isə yox”, - deyə müavin qeyd edib.
O, həmçinin deyib ki, Ermənistan Milli Təhlükəsizlik Şurasının direktoru Armen Abazyan “əsir”lərin geri qaytarılması məsələsinin həlli üçün mütəmadi olaraq azərbaycanlı həmkarı ilə görüşür.
“Son görüş bir ay əvvəl baş tutub. Birbaşa görüşlərdən başqa, telefon əlaqəsi də saxlanılır”, - deyə Melkonyan əlavə edib.*