Azərbaycanda aqrar sığorta mexanizminin tətbiq edildiyi 2020-ci ilin noyabr ayından 2021-ci il aprelin 29-na qədər toplanan aqrar sığorta haqlarının məbləği 1,13 milyon manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Aqrar Sığorta Fondundan məlumat verilib.
“Aqrar sığorta mexanizmi fəaliyyətə başlayandan indiyədək ölkə üzrə 7 min hektar əkin sahəsi sığortalanıb və ümumilikdə, 410,4 min manatlıq sığorta haqqı toplanılıb. Bu məbləğin yarısını - 205,2 min manatını fermerlər, qalan hissəni isə fermerlərə dəstək üçün dövlət ödəyib”, - deyə məlumatda bildirilir.
Bundan başqa, 2020-ci ilin noyabr ayından 2021-ci ilin aprel ayının sonuna ölkə üzrə ümumilikdə 1300 südlük inək və camış sığortalanıb. Hesablanmış sığorta haqqı 720,6 min manat təşkil edib. Bu məbləğin 360,3 min manatını fermerlər, qalan hissəsini isə dövlət ödəyib.*
Ə.Məmmədov