BP şirkəti bu ilin may-iyun aylarında “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində yatağın dərinsulu şərq-cənub cinahından qaz hasilatına başlamağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “BP-Azerbaijan” şirkətinin (layihənin texniki operatoru – İF-Az) mətbuat xidmətindən məlumat verilib.
“Bu ilinIrübündə BP şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində ("Şahdəniz-2") yatağın dərinsulu şərq-cənub cinahından (suyun 540 metr dərinliyində) ikinci rübə planlaşdırılmış qaz hasilatının başlanması üzrə bir sıra mühüm işləri başa çatdırmağa nail olub. Hasilatın başlanması hazırda cədvəl üzrə uğurla davam edən dənizdə quraşdırma və istismar sınaqları bitdikdən sonra nəzərdə tutulur”, - deyə məlumatda bildirilir.
"Mərhələ-2" çərçivəsində qaz hasilatı üçün 21 quyu qazılıb və bunlardan 17-si tamamlanıb – yatağın şimal cinahında 4 quyu, qərb cinahında 4 quyu, şərq-cənub cinahında 4 quyu, qərb cinahın cənub hissəsində 3 quyu, şərq cinahın şimal hissəsində 2 quyu tamamlanıb; qərb cinahın cənub hissəsində 2 quyu, şimal cinahda 1 quyu, şərq cinahın şimal hissəsində 1 quyu tam dərinliyədək qazılıb və konservasiya olunub.
“Mərhələ-2” çərçivəsində 26 quyunun qazılması nəzərdə tutulur.
Hazırda “Mərhələ-2” çərçivəsində qaz hasilatı yatağın şimal cinahından həyata keçirilir.
Qərb, cənub-şərq, cənub-qərb və şimal-şərq cinahlarında quyular 2027-ci ilə kimi mərhələli şəkildə istismara veriləcək.
“Şahdəniz” konsorsiumunun səhmdarları 2013-cü il dekabrın 17-də Bakıda yatağın işlənməsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarı imzalayıblar.
“Mərhələ-2” $28 milyard məbləğində qiymətləndirilir. Hasilatın illik həcmi 16 milyard kubmetr qaz təşkil edəcək. Bunun 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyənin qərb regionlarına nəql olunacaq.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
Hazırda “Şahdəniz” yatağından qaz hasilatı “Mərhələ-1” çərçivəsində “Alfa” və “Mərhələ-2” çərçivəsində “Bravo” platformalarından həyata keçirilir.*
N.Abbasova