“Azəri-Çıraq-Günəşli” (AÇG), “Şahdəniz” yataqlarının işlənməsi layihələri və Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisi layihəsi üzrə podratçı şirkətlər tərəfindən 2021-ci ilin birinci rübündə $505,5 mln. məbləğində sifariş yerinə yetirilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 17,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “BP-Azerbaijan” şirkətinin mətbuat xidmətindən məlumat verilib.
Bu məbləğdən $268 mln. dəyərində sifarişi 14 birgə müəssisə, $10,1 mln. dəyərində sifarişi 20 dövlət müəssisəsi, $116,2 mln. dəyərində sifarişi 168 kiçik və orta müəssisə və fiziki şəxs yerinə yetirib. $110,4 mln. dəyərində sifariş BP şirkətinin Azərbaycandakı layihələri üzrə işləyən xarici şirkətlər tərəfindən həyata keçirilib.
2021-ci ilin yanvar-mart aylarında sosial layihələrin həyata keçirilməsinə $614 min məbləğində investisiya qoyulub.
BP Azərbaycanda “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun və “Şahdəniz” yatağının işlənməsi layihələrin iştirakçısı, Bakı-Tbilisi-Ceyhan boru kəməri və Cənubi Qafqaz boru kəməri magistralı layihələrinin səhmdarı, Abşeron arxipelaqının dayazsulu hissəsinin, D-230 blokunun və Xəzərin Azərbaycan sektorundakı Şəfəq-Asiman strukturunun kəşfiyyatı və işlənməsi üzrə layihələrin səhmdarıdır.**
N.Abbasova