Mayın 3-dən etibarən Azərbaycanda “COVID-19” xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq İngiltərənin Oxford universitetinin istehsalı olan "Vaxzevria” vaksinindən (“AstraZeneca“) istifadə ediləcək. Bu barədə “İnterfaks-Azərbaycan”a Səhiyyə Nazirliyindən məlumat verilib.
“Mayın 3-dən 60 yaş və daha yuxarı şəxslər “COVID-19” xəstəliyinə qarşı "Vaxzevria” vaksinindən (“AstraZeneca“) istifadə edə biləcəklər. Vaksinin istifadəsi Bakı və daha 6 şəhərdə - Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Abşeron və Sumqayıtda tətbiq olunacaq”, - nazirlikdən vurğulanıb.
Xəbər verildiyi kimi, aprelin 4-də Azərbaycana COVAX platforması çərçivsində 84 min doza AstraZeneca vaksini (yeni adı Vaxzevria) gətirilib. AstraZeneca vaksinlərin ilk partiyası Cənubi Koreyadan gətirilib. Ümumilikdə, may ayının sonuna qədər Azərbaycana 432 min doza “AstraZeneca” vaksini gətiriləcək.
Azərbaycanda vaksinasiya prosesinə 2021-ci il yanvarın 18-dən başlanılıb və könüllü xarakter daşıyır. Peyvəndləmənin 2021-2022-ci illərdə mərhələli şəkildə aparılması planlaşdırılır.
Hazırda Azərbaycanda peyvəndlənmə “CoronaVac” peyvəndi ilə həyata keçirilir.
Bundan başqa, Azərbaycan Rusiya Federasiyasının “Human Vaccine” MMC ilə 300 min doza “Sputnik V” dərman vasitəsinin ölkəyə idxalı haqqında müqavilə imzalayıb. İdxal 180 gün müddətində həyata keçirilməlidir.**
B.Rüstəmbəyov