İndiyədək COVİD-19 əleyhinə 2 milyondan çox vaksin Azərbaycana gətirilib. Bu barədə jurnalistlərə səhiyyə nazirinin müavini Viktor Qasımov məlumat verib.
“İndiyədək COVİD-19 əleyhinə 2 milyondan çox vaksin Azərbaycana gətirilib. Oncə Çin istehsalı olan vaksin, daha sonra isə «AstraZeneca» vaksini gətirilib. Bu gün özünü dünyada çox yaxşı göstərən və 60-dan çox ölkədə qeydiyyatdan keçən Rusiyanın "Sputnik V” vaksininin ilk partiyası gətirilib”, - Qasımov bildirib.
Azərbaycanda vaksinasiya prosesinə 2021-ci il yanvarın 18-dən başlanılıb və könüllü xarakter daşıyır. Peyvəndləmənin 2021-2022-ci illərdə mərhələli şəkildə aparılması planlaşdırılır. İndiyədək əhalinin 14%-i birinci mərhələ üzrə vaksinasiya olunub.
Hazırda Azərbaycanda peyvəndlənmə “CoronaVac” peyvəndi ilə həyata keçirilir. 9 milyon doza vaksinin gətirilməsinə dair müqavilə imzalanıb.
Bundan başqa, Azərbaycan Rusiya Federasiyasının “Human Vaccine” MMC ilə 300 min doza “Sputnik V” dərman vasitəsinin ölkəyə idxalı haqqında müqavilə imzalayıb. Vaksin 180 gün ərzində Azərbaycana gətirilməlidir. Həmçinin “AztraZeneca” şirkətinə məxsus 432 min doza vaksinin idxalı haqqında müqavilə bağlanıb (2021-ci il may ayının sonunadək). COVAX platforması çərçivəsində də vaksinin alınması planlaşdırılır ($21 milyondan artıq dəyərində).**