Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2021-ci ilin aprel ayında valyuta hərraclarında $509,9 milyon məbləğində xarici valyuta satıb. Bu barədə fondun məlumatında deyilir.
Xəbər verildiyi kimi, ARDNF cari ilin mart ayında valyuta hərraclarında $397,7 milyon məbləğində xarici valyuta satıb. Beləliklə, aprel ayında xarici valyuta satışının həcmi mart ayı ilə müqayisədə 28,2% artıb.
“İnterfaks-Azərbaycan” agentliyinin fondun aylıq məlumatları əsasında apardığı hesablamalara görə, 2021-ci ilin yanvar-aprel aylarında ARDNF valyuta hərraclarında $1 milyard 989,8 milyon (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə azalma 39,8% - İF) satıb. Bu azalma onunla izah olunur ki, ARDNF neftin kəskin ucuzlaşması şəraitində milli valyutanın devalvasiyasına yol verilməməsi və valyuta bazarında vəziyyətin sabitləşməsi məqsədilə 2020-ci ilin mart ayında valyuta hərraclarında $1 milyard 928,3 milyon satıb.
Hazırda ARDNF valyuta hərraclarında valyutanın əsas satış mənbəyi kimi çıxış edir.
Azərbaycan Dövlət Neft Fondu 2020-ci ildə valyuta hərraclarında $7 milyard 303,64 milyon məbləğində xarici valyuta (2019-cu illə müqayisədə artım 10,7%) satıb.*
A.Əzizov