Ədliyyə Nazirliyi 2020-ci ildə birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlərin sayının artdığını qeyd edir.
“2020-ci ildə birinci instansiya məhkəmələrində inzibati xətalara dair 74 min işə baxılıb ki, bu da 2019-cu ilin göstəricisindən 16,8% çoxdur”, - deyə Dövlət Statistika Komitəsindən “İnterfaks-Azərbaycan” agentliyinə məlumat verilib.
Ədliyyə Nazirliyinin məlumatına görə, baxılmış işlərin 36,7%-i idarəçilik qaydaları, 28,3%-i ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat, 5,2%-i yol hərəkəti qaydaları, 3,5%-i sağlamlıq, 3,3%-i mülkiyyət, 0,7%-i gömrük qaydaları, 0,5%-i iqtisadi fəaliyyət qaydaları əleyhinə olan, 2,7%-i narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, qalanları isə digər inzibati xətalarla bağlı olub.
2020-ci ildə baxılmış işlərin 74%-i üzrə inzibati məsuliyyət tədbiri tətbiq edilib, 18,4%-nin icraatına xitam verilib, 6,6%-i üzrə inzibati xəta törətmiş şəxslərə dair materiallar əlavə yoxlanış üçün qaytarılıb, 1%-i üzrə isə materiallar aidiyyəti üzrə göndərilib.
İnzibati məsuliyyət tədbiri tətbiq edilməsi haqqında qərarlara əsasən, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı əvvəlki illə müqayisədə 33,4% artaraq, 54,8 min nəfər olub. İnzibati məsuliyyətə cəlb edilmiş şəxslərin 48,6%-nə inzibati cərimə, 16,6%-nə fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, 16,5%-nə inzibati həbs, 1,5%-nə ictimai işlər, 16,8%-nə isə digər tənbeh növləri tətbiq edilib.*
X.Nəsirzadə