Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Prezident İlham Əliyevi Belqrada rəsmi səfər etməyə dəvət edib. Bunu Serbiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljeviçin deyib.
“Mən, Prezident Vuçiçin Sizin Serbiyaya rəsmi səfər etməyinizlə bağlı dəvətini çatdırmaq istərdim”, - deyə səfir mayın 3-də etimadnaməsini Prezident İlham Əliyevə təqdim edərkən bildirib.
O qeyd edib ki, həm rəsmi Bakının, həm də rəsmi Belqradın qarşısında Qoşulmama Hərəkatının və Belqradda keçirilmiş 1-ci sammitin 60-cı ildönümünün təşkili ilə bağlı fəal iş durur.
D.Vladisavljeviç əlavə edib ki, Vuçiç hərəkatın təsisçisi olan dövlətlərin – Hindistan, Misir, İndoneziya və Qananın liderlərini də tədbirə dəvət etmək niyyətindədir.
Diplomat vurğulayıb ki, rəsmi Belqrad Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü tam şəkildə dəstəkləyir, iki ölkə arasındakı mövcud strateji tərəfdaşlığı yüksək qiymətləndirir və onu qoruyub saxlamaq, daha da gücləndirmək arzusundadır.
“Prezident (Vuçiç – İF) məndən dövlətlərimiz arasında əməkdaşlığın yüksək səviyyədə, həmçinin yüksək siyasi səviyyədə daha da təşviq etdirilməsində yaxından iştirak etməyimi xahiş etdi”, - deyə o bildirib.*
X.Nəsirzadə