Nazirlər Kabineti “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi Səhiyyə Nazirliyinin tabeliyində insan orqan və toxumalarının donorluğu və transplantasiyası məsələləri üzrə əlaqələndirici orqan qismində müəyyən edib.
Müvafiq qərar bu gün hökumətin saytında dərc olunub.
Sənədə əsasən, donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin siyahısı müəyyən olunacaq.
Bundan başqa, Nazirlər Kabinetinin qərarına əsasən, sağlamlığı icbari qaydada sığortalanmış fiziki şəxslər üçün donor müayinəsi, habelə orqan köçürülməsi və ondan irəli gələn sonrakı tibbi yardım icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil edildiyi halda “Tibbi sığorta haqqında” qanununa uyğun olaraq xidmətlər zərfi çərçivəsində, bu nəzərdə tutulmayan hallarda isə orqan donorluğu və transplantasiyanın maliyyələşdirilməsi qanunla qadağan olunmayan mənbələr hesabına həyata keçiriləcək.
Transplantasiya məqsədilə canlı və meyit donordan alınan orqan və toxumalar fərqləndirilib.
Bu qərarlar 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.*
X.Nəsirzadə