“Azərbaycan Dəmir Yolları” (ADY) QSC mayın 16-dan etibarən Bakı-Xırdalan-Sumqayıt dəmiryol xətti üzrə sərnişin daşımalarını bərpa edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ADY-dən məlumat verilib.
Həmçinin bildirilib ki, Xırdalan dairəsində yeni dəmir yolu körpüsünün inşası ilə yanaşı, xəttin kontakt şəbəkəsi Baş Keşlə stansiyasında əsaslı təmir olunub.
“Aparılan yenidənqurma işləri sərnişin qatarlarının daha təhlükəsiz hərəkətinə imkan yaradacaq”, - deyə məlumatda qeyd edilir.
Xatırladaq ki, Bakı-Sumqayıt avtomobil yolunun genişləndirilməsi işləri ilə əlaqədar Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsünün sökülərək yenidən tikintisi səbəbindən Bakı-Xırdalan-Sumqayıt istiqamətində elektrik qatarlarının hərəkəti 2020-ci ilin avqust ayından dayandırılmışdı.*
B.Rüstəmbəyov