Azərbaycan hökuməti sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair qərar qəbul edib. Bunu təhsil naziri Emin Əmrullayev bildirib.
“Ölkə Prezidentinin müvafiq tapşırığı əsasında sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin yarımillərə aid təhsil haqqı xərclərinin ödənilməsinə dair Nazirlər Kabineti tərəfindən qəbul edilən qərara dəyişiklik edilib. Dəyişikliyə görə, 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili) üzrə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan və ödənişli təhsil alan tələbələrin təhsil haqqı xərcləri dövlət tərəfindən ödəniləcək”, - deyə nazir öz Facebook səhifəsində yazıb.
O qeyd edib ki, bu məqsədlə 14 milyon manat vəsaitin ödənilməsi nəzərdə tutulur.
“2020-ci ildə 20,8 min tələbə bu imkandan yararlanıb”, - deyə E.Əmrullayev vurğulayıb.*
X.Nəsirzadə