Azərbaycan şirkətləri Gürcüstanda fəaliyyət göstərməkdə maraqlıdır. Bunu Prezident İlham Əliyev deyib.
“Azərbaycan Gürcüstan iqtisadiyyatında ən böyük investorlardan biri olmağa davam edir. Bu da, həmçinin çox müsbət və əlverişli investisiya mühitinin yaradılmasında sizin hökumətinizin həyata keçirdiyi islahatların yaxşı göstəricisidir. Bilirəm ki, daha da çox Azərbaycan şirkəti sizin ölkənizdə çalışmaq istəyir və əminəm ki, bu, baş verəcək”, - deyə dövlət başçısı mayın 5-də Bakıda Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə danışıqlar zamanı bildirib.
Əliyev Cənub Qaz Dəhlizi layihəsinin icrasına dəstək göstərdiyinə görə Gürcüstan hökumətinə minnətdarlığını bildirib.
“Bu layihə təkcə Cənubi Qafqaz regionunda yox, daha geniş Avrasiya regionunda ümumi inkişaf, sabitlik, proqnozlaşdırma, əməkdaşlıq üçün mühüm əhəmiyyət kəsb edir. Bir daha qeyd edirəm, bizim əməkdaşlığımız olmasaydı bu, mümkün olmazdı”, - deyə prezident vurğulayıb.
O əlavə edib ki, enerji və nəqliyyat sahələrində birgə layihələr regionun siyasi, iqtisadi, nəqliyyat və energetika xəritəsini dəyişib. Azərbaycan və Gürcüstan arasında güclü tərəfdaşlıq olmasaydı, bu layihələrin icrası mümkün olmazdı.*
X.Nəsirzadə