2020-ci ildə Azərbaycanın sığorta sektorunun xalis mənfəəti (sığorta, təkrar sığorta və broker şirkətləri daxil olmaqla) 91,281 milyon manat təşkil edib ki, bu da 2019-cu ilin göstəricisindən 14% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə maliyyə bazarındakı mənbə məlumat verib.
Hesabat dövründə sığorta sektorunun gəlirləri 2019-cu illə müqayisədə 25,8% - 989,656 milyon manata qədər artıb.
Sığorta haqları 7,6% - 794,796 milyon manata qədər, xalis sığorta ehtiyatları 62,181 milyon manat artıb.
İnvestisiya gəlirləri 66,242 milyon manat (artım 6,7%), sığorta haqlarında təkrar sığortaçıların payı 41,063 milyon manat (artım 33%) təşkil edib.
Hesabat dövründə sığorta sektorunun xərcləri 33,4% - 882,217 milyon manatadək artıb. Sığorta ödənişləri 493,195 milyon manat (artım 59,3%), təkrar sığorta ödənişləri 154,219 milyon manat (artım 16,1%), işin aparılması xərcləri 194,391 milyon manat (artım 4,5%) təşkil edib.
Ötən il sığortaçılar 16,149 milyon manat məbləğində (azalma 14,7%) mənfəət vergisi ödəyiblər.
2021-ci il yanvarın 1-nə sığorta sektorunda 34 hüquqi şəxs qeydiyyata alınıb, onların 33-ü özəl hüquqi şəxsdir (8 şirkət xarici kapitala malikdir - İF). Bundan başqa, cari ilin əvvəlinə ölkədə 21 sığorta, 1 təkrarsığorta və 12 broker şirkəti fəaliyyət göstərir.*
Ə.Məmmədov