Milli Məclisin sədri Sahibə Qafarova və Gürcüstanın baş naziri İrakli Qaribaşvili bu gün Bakıda parlamentlərarası əməkdaşlıq da daxil olmaqla, ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.
“Görüşdə Gürcüstan və Azərbaycanın strateji tərəfdaş və müttəfiq olduğu vurğulanıb. İki ölkə arasında iqtisadi əməkdaşlığa xüsusi diqqət yetirilib. Həmçinin ölkələrimiz arasında münasibətlərin həm ikitərəfli, həm də çoxtərəfli formatda inkişafında parlamentlərin mühüm rolu qeyd edilib. Bununla əlaqədar tərəflər iki ölkənin parlamentlərində Gürcüstan-Azərbaycan dostluq qrupunun önəmini qeyd ediblər”, - deyə Gürcüstan hökuməti Administrasiyasının məlumatında bildirilir.
Qafarova vurğulayıb ki, Azərbaycan və Gürcüstan hökumətləri arasında yüzdən çox sənəd imzalanıb və hazırda 15 sənəd nəzərdən keçirilir.
“Ötən il – pandemiya dövründə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi $500 milyondan çox olub. Bu, əməkdaşlığımızın geniş miqyasa malik olduğunu göstərir. Bu gün Azərbaycan Gürcüstan iqtisadiyyatına ən böyük investorlardan biridir və Gürcüstan ölkəmizin həyata keçirdiyi beynəlxalq layihələrdə fəal iştirak edir”, - deyə spiker bildirib.
Qaribaşvili isə iki ölkə arasında strateji münasibətlərin vacibliyini vurğulayıb. “Biz birlikdə daha çox layihə həyata keçirmək üçün məqsədyönlü olmalıyıq. Bu, mümkündür. Gürcüstan sizin dostunuzdur və bu, belə də davam edəcək”, - deyə o qeyd edib.*
R.Əhmədov