Azərbaycan və Gürcüstanın xarici işlər nazirləri Ceyhun Bayramov və David Zalkaliani bu gün Bakıda aparılan danışıqlarda ikitərəfli münasibətləri və regionda gedən prosesləri müzakirə ediblər.
“Görüşdə Gürcüstan-Azərbaycan ikitərəfli münasibətlərinin bütün əsas istiqamətləri müzakirə olunub. Strateji tərəfdaşlıq və onun keyfiyyətcə yeni səviyyəyə çıxarılması iki ölkə üçün prioritetdir”, - deyə Gürcüstan XİN bildirir.
Görüşdə regionda cərəyan edən proseslər, Gürcüstan və Azərbaycanın regionun inkişafı üçün strateji əhəmiyyət kəsb edən layihələrdə iştirakı müzakirə olunub.
“Nazirlər, həmçinin iqtisadi əməkdaşlıq məsələlərini də müzakirə ediblər. Hər iki ölkənin pandemiya dövründə uğurlu əməkdaşlığına, postpandemiya dövründə turizm sahəsində əməkdaşlıq məsələləri də daxil olmaqla, fəal iqtisadi münasibətlərin bərpası mümkünlüyünə xüsusi diqqət yetirilib”, - deyə məlumatda vurğulanır.
Bayramov və Zalkaliani dövlət sərhədinin delimitasiyası və demarkasiyası məsələsini və müvafiq komissiyanın pandemiya səbəbindən təxirə salınmış işinin bərpa edilməsi mümkünlüyünü müzakirə ediblər. “Nazirlər komissiyanın tez bir zamanda çağırılmasına hazır olduqlarını bildiriblər, məsələnin iki ölkənin strateji tərəfdaşlığı ruhunda və maraqlarına uyğun həll ediləcəyinə ümidvar olduqlarını deyiblər”, - deyə məlumatda bildirilir.
XİN başçıları Gürcüstanla Azərbaycanın müxtəlif beynəlxalq və regional formatlarda uğurla əməkdaşlıq etdiyini vurğulayıblar və bu baxımdan Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatının səmərəliliyini qeyd ediblər.*
R.Əhmədov