Bakı və İrəvan Azərbaycan-Ermənistan dövlət sərhədinin demarkasiyası və delimitasiyasını yekunlaşdırır. Bu barədə Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi Ramil Usubov bəyan edib.
“Bəyanatın imzalanmasından artıq 6 ay ötür (Dağlıq Qarabağ üzrə - İF). Bütün prosesin mükəmməl getdiyini demək hələ tezdir. Prezidentimizin azad edilmiş ərazilərdəki davamlı təhlükəsizliyin təmini ilə bağlı müəyyənləşdirdiyi fəaliyyət strategiyasının icrasına məsul olan müvafiq dövlət strukturları uğurla işləyir. Sərhədlərin demarkasiyası və delimitasiyası yekunlaşır. Azərbaycan ərazidə dünyanın ən mükəmməl nümunələrindən olan hərbi infrastrukturunu, obyektlərini yaradır”, - Usubov rəsmi “Azərbaycan” nəşrində dərc olunan məqalədə yazır.
O qeyd edib ki, “Azərbaycan, Rusiya, Türkiyə prezidentləri arasında bu məsələ ilə bağlı mövcud olan operativ və səmərəli əməkdaşlıq formatı” Ağdamdakı monitorinq mərkəzinin fəaliyyətində də davam edir.
Eyni zamanda, Usubov bildirib ki, “görüləcək işlər çoxdur”.
Təhlükəsizlik Şurasının katibi əlavə edib ki, 2020-ci il 10 noyabr bəyanatının 9 müddəası var.“Azərbaycan imzasına, üzərinə götürdüyü bütün öhdəliklərə sadiqdir. Cənab prezidentin daim toxunduğu bir məqam var- bu gün Azərbaycan Qafqazda sülhün təşəbbüskarı, təminatçısıdır. Biz öz ərazimizdə erməni millətindən olan vətəndaşlarımızın təhlükəsiz yaşayışını təmin etməyə hazır olduğumuz kimi, regionun maraqları naminə Ermənistan əhalisinin də rifahına töhfə verməyə hazırıq”, - Usubov vurğulayıb.
Onun rəyinə görə, «erməni xalqı anlayır ki, bu gün üzdə olan bütün qüvvələr, istər iqtidar, istərsə də müxalifət onun məğlubiyyətinin, səfalətinin, bütün sahələrdə baş qaldıran böhranın səbəbkarlarıdır və heç biri ona normal gələcək vəd etmir”.
Usubov hesab edir ki, Azərbaycan prezdenti İlham Əliyevin erməni xalqına vəd etdiyi gələcək “ən etibarlı seçimdir”. “Artıq erməni cəmiyyətində Azərbaycanın mövqeyilə, şərtləri ilə hesablaşmağa yönəlmiş çağırışlar artmaqdadır. Bu mövzuda danışmaq, müzakirə açmaq daha xəyanət hesab edilmir. Hesab edirəm ki, zaman keçdikcə erməni xalqı da prezident İlham Əliyevin Qafqazda bərqərar etdiyi yeni sabitlik, inkişaf və təhlükəsizlik sisteminə daxil olacaq”, - o vurğulayır.
O cümlədən, Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, Ermənistan Zəngəzur dəhlizi timsalında digər real imkanlardan bəhrələnməklə, “nəhayət ki, normal dövlət, sağlam cəmiyyət quruculuğuna başlayacaq”. **
R.Əhmədov