Azərbaycan Avtomobil Yolları Dövlət Agentiyi 2020-ci ildə Gəncə-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun genişləndirilməsinə 219 milyon manatdan çox vəsait sərf edib.
“Bu layihə çərçivəsində tikinti işlərinə 2019-cu ildə başlanıb. 2020-ci ildə Gəncə-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 4 zolağa qədər genişləndirilməsinə 219,35 milyon manat (cari məzənnə ilə $129 milyon - İF) sərf olunub”, - “İnterfaks-Azərbaycan”a hökumətdən məlumat verilib.
Gürcüstan sərhədinə qədər avtomobil yolunun genişləndirilməsi layihəsinin dəyəri, zəruri yol infrastrukturunun tikintisi daxil olmaqla, 687,6 milyon manat ($404,5 milyon) həcmində qiymətləndirilir.
“2021-ci il yanvarın 1-nə qeyd olunan məbləğdən layihə çərçivəsində vəsaitin 65,95%-i – 453,45 milyon manat ($266,7 milyon) sərf olunub”, - hökumətdən məlumat verilib.
Gəncə-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun ümumi uzunluğu 130,15 km-dir. Layihənin donorlarından biri AYİB-dir. Bankın krediti hesabına qeyd olunan avtomagistralın 2 zolaqdan 4 zolağa qədər genişləndirilməsi planlaşdırılır. Avtomobil yolunun eni 27,5 metr təşkil edəcək.
AAYDA avtomobil yolunun tikintisinin 2022-ci ilə qədər sona çatmasını planlaşdırır. **
N.Abbasova