Azərbaycanda 2020-ci ilin payız əkinlərinə görə fermerlərə 121 milyon manatdan artıq subsidiya ödənilib. Bu barədə Aqrar Kredit və İnkişaf Agentliyi məlumat verir.
AKİA fermerlərin əkin bəyanları və torpaq məlumatları ilə bağlı monitorinqlərin növbəti mərhələsini başa çatdırıb. Agentlik tərəfindən daha 44,038 min torpaq sahəsi üzrə (parsel) 30,715 min fermerə payızlıq əkinlərə görə subsidiya ödənilib. Son ödəmə üzrə AKİA tərəfindən fermerlərin kartlarına 7 milyon 919,101 min manat subsidiya köçürülüb.
Ümumilikdə, 2020-ci ilin payız əkinlərinə 294,499 min fermerə subsidiya ödənilib.
Hazırda 3 min nəfərə yaxın fermerin sahəsində monitorinqlər bitmək üzrədir. 3,183 min fermerin torpaq sənədləri isə təhlil edilir. Daha 5,107 min fermerə yeni “Fermer kartı” sifariş edilib.
“Bu ilki monitorinqlərə təsir edən amillərdən biri də ölkədə ilk dəfə iri torpaq sahələrinin icbari qaydada aqrokimyəvi analizlərə cəlb olunmasıdır. Hazırda 1,503 min nəfər fermer ümumilikdə 24,761 min hektar torpaq sahəsi üzrə aqrokimyəvi analizlərin nəticələrini təqdim etməyib, bu səbəbdən həmin fermerlərə subsidiyaların ödənilməsində ləngimələr baş verir”, - AKİA vurğulayır. **
X.Nəsirzadə