Mayın 20-də Dünya Bankının Direktorlar Şurası Azərbaycana yeni avtomobil yolu layihəsinə $65 milyon dəyərində kreditin ayrılmasını təsdiq etməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan”a bankdan məlumat verilib.
Salyan-Biləsuvar avtomobil yolunun yenidən qurulması layihəsinin ümumi dəyəri $95,88 milyon təşkil edir, bunun $65 milyonu – DB-nin kreditinin payına düşür.
Kreditin "Avtomobil yollarının bərpası və iqtisadi imkanların yaradılması" layihəsi çərçivəsində ayrılması planlaşdırılır. Layihə yol şəraitinin yaxşılaşdırılması ilə yanaşı, avtomobil yolunun keçdiyi regionun iqtisadi inkişafına da yönəlib.
Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Bu günədək bank 50-dən çox layihənin həyata keçirilməsi üçün respublikaya ümumilikdə $3,5 milyard məbləğində kredit ayırıb. **
Ə.Məmmədov