Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Fransa və Kanada Xarici İşlər nazirliklərinin erməni əsirlərin azad olunması ilə bağlı çağırışına münasibət bildirib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva qeyd edib ki, hərbi əməliyyatlar dayandıqdan sonra Azərbaycan tərəfi 70-dən çox erməni əsiri qarşı tərəfə qaytarıb.
“Hər iki ölkənin xarici siyasət qurumunun diqqətinə çatdırırıq ki, Ermənistan tərəfi hələ də beynəlxalq humanitar hüquq öhdəliklərini, eləcə də üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Yəqin ki, Ermənistanın 1991-1994-cü illərdəki müharibə zamanı itkin düşmüş 4000-ə yaxın azərbaycanlı barədə məlumatı bu günədək verməməsi, habelə azad olunmuş ərazilərdə kütləvi şəkildə basdırılmış minaların xəritələrini təqdim etməkdən imtina etməsi barədə hər iki ölkənin məlumatı var”, - deyə o bildirib.
L.Abdullayevanın sözlərinə görə, Fransa və Kanada Xarici İşlər nazirlikləri məsələyə birtərəfli deyil, obyektiv yanaşma nümayiş etdirmək istəyirlərsə, o zaman Ermənistana çağırış edərək beynəlxalq humanitar hüquq öhdəliklərinə riayət etməsini, bölgədə dayanıqlı sülhə əngəl olan fəaliyyət və əməllərdən çəkinməsini tələb edərlər. “Əks-təqdirdə, bu, Azərbaycan cəmiyyətində hər iki ölkəyə olan etimada ciddi zərbə vuracaq”, - deyə o vurğulayıb.*
X.Nəsirzadə