Dövlət Təhlükəsizliyi Xidməti (DTX)“Taliban” hərəkatının sıralarında qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etməkdə ittiham olunan 2 nəfərin həbs edilməsi barədə məlumat yayıb.
“Araşdırmalar nəticəsində Azərbaycan Respublikasının vətəndaşları – 1977-ci il təvəllüdlü Məmmədov Yəhya Şərməddin oğlunun, 1985-ci il təvəllüdlü Cəbiyev Elnur Güloğlan oğlunun və qeyrilərinin ölkə hüdudlarından kənarda aparılan münaqişələrdə qanunsuz silahlı birləşmələrin tərkibində iştiraklarına dair əsaslı şübhələr müəyyən edilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Yəhya Məmmədov və Elnur Cəbiyevin müvafiq olaraq 2010-cu ilin noyabr və dekabr aylarında ölkəni tərk edərək əvvəlcə İran İslam Respublikasına, oradan isə qeyri-leqal yollarla Pakistan İslam Respublikasına keçdikləri və həmin ölkənin Şimali Vəziristan və Uruqzay vilayətlərində “Taliban” hərəkatına tabe olan “Səlahəddin” camaatının tərkibində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etdikləri məlum olub”, - deyə məlumatda bildirilir.
Qeyd olunan faktlarla bağlı DTX-də başlanılan cinayət işi üzrə Yəhya Məmmədov və Elnur Cəbiyev saxlanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.*
B.Rüstəmbəyov