İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti (DVX) müxtəlif proqram təminatı sistemlərinin satın alınmasına 3 milyon 298 min 952,5 manat yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, DVX “Caspel” şirkəti ilə Oracle proqramı üçün lisenziyanın satın alınması haqqında 629 min 201,09 manat dəyərində müqavilə bağlayıb.
Bundan başqa, “Caspel” şirkəti ilə informasiya texnologiyaları üzrə tələb olunan avadanlıqlara, proqram təminatlarına, onların lisenziyalarına texniki dəstək, quraşdırma, qurulma və sazlanma işlərinin yerinə yetirilməsi haqqında müqavilə bağlanılıb. Müqavilənin dəyəri 1 milyon 482 min 800,75 manatdır.
DVX, həmçinin “Azedunet” şirkəti ilə “Wi-Fi Controller” idarəetmə sistemi və “Wi-Fi Access Point” avadanlıqlarının, eləcə də kabelin çəkilməsi üzrə lisenziya, texniki xidmət və işlərin satın alınması haqqında 200 min 568,14 manat dəyərində müqavilə bağlayıb.
Eyni zamanda, DVX “Proqram kassa sisteminin avtomatlaşdırılmış informasiya sistemi” proqram təminatının təkmilləşdirilməsi və ona texniki dəstəyin göstərilməsi ilə bağlı keçirilmiş tenderin qalibi olan Belarusun “Nuqa Development” şirkəti ilə 986 min 382,52 manat dəyərində müqavilə bağlayıb.*
Ə.Məmmədov