1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə 1,5 min manat (təxminən $882) məbləğində birdəfəlik maddi yardım ödənilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Xatırladaq ki, Prezident İlham Əliyev aprelin 24-də “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncam imzalayıb.
Dövlət başçısının saytında dərc olunmuş məlumata görə, 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1,5 min manat (təxminən $882) məbləğində birdəfəlik maddi yardım veriləcək. “İkinci Dünya müharibəsi iştirakçıları olan 159 şəxsə birdəfəlik maddi yardım ödənilib”, - deyə nazirlikdən qeyd ediblər.
Bundan əlavə, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarından, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərdən, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərindən, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərdən, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarından ibarət 5489 nəfərin hər biri isə 750 manat ($441,2) məbləğində birdəfəlik maddi yardımla təmin olunub.
Bu məqsədlə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 4,8 milyon manat (təxminən $2,82 milyon) vəsait ayrılıb.*
B.Rüstəmbəyov