Prezident İlham Əliyev bu gün Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə 20 milyon manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Siyahıya 5 məktəb daxildir. İki layihə cari il ərzində başa çatdırılmalıdır. Birinci layihə Sabunçu rayonunun Zabrat qəsəbəsində 71 nömrəli orta məktəb üçün əlavə 30 sinif otaqlı korpusun tikintisinin başa çatdırılması və mövcud binanın əsaslı təmirini nəzərdə tutur. Bu məqsədlər üçün 6,24 milyon manat ayrılıb. İkinci layihə Sabunçu rayonunun Zabrat qəsəbəsində 307 nömrəli orta məktəb üçün əlavə 15 sinif otaqlı korpusun tikintisinin başa çatdırılması və mövcud binanın əsaslı təmirini nəzərdə tutur. Bu məqsədlər üçün 5,28 milyon manat ayrılıb.
Qalan layihələr Suraxanı rayonunun Əmircan qəsəbəsində 87 nömrəli orta məktəbin köhnə korpusunun sökülməsi, 1752 şagird yerlik yeni korpusların tikintisini (3,21 milyon manat ayrılıb); Xətai rayonunda 263 nömrəli orta məktəbin ikimərtəbəli korpusunun və birmərtəbəli keçidlərinin sökülməsi, yeni korpusların (idman və akt zalı ilə) tikintisini (3,69 milyon manat) və Nəsimi rayonunda 35 nömrəli orta məktəbin köhnə korpusunun sökülməsi, yeni korpusun tikintisini (1,58 milyon manat) əhatə edir.
Bakı Şəhər İcra Hakimiyyətinə layihələr üzrə yerinə yetirilmiş işlər haqqında hesabatı rübdə bir dəfə, növbəti rübün ilk ayının 10-dan gec olmayaraq, İqtisadiyyat Nazirliyinə təqdim etmək tapşırılıb.*
N.Abbasova