Azərbaycan nasist hərəkatının və nasist hərəkatı ilə əməkdaşlıq edənlərin hər hansı bir formada qəhrəmanlaşdırılması hallarını qınayır. Bu barədə Xarici İşlər Nazirliyinin (XIN) faşizm üzərində Qələbənin 76-cı ildönümü ilə bağlı bəyanatında deyilir.
«Azərbaycan İkinci Dünya müharibəsi haqqında həqiqəti təhrif etmək, faşizmə bəraət qazandırmaq və faşist canilərini qəhrəmanlaşdırmaq cəhdlərini qətiyyətlə pisləyir. Biz xüsusilə bölgəmizdə nasist hərəkatının və nasist hərəkatı ilə əməkdaşlıq edənlərin hər hansı bir formada qəhrəmanlaşdırılması hallarını qınayırıq”, - XİN qeyd edir.
XİN vurğulayır ki, Azərbaycan BMT Baş Assambleyasının “Nasizmin qəhrəmanlaşdırılmasına, neonasizmə və irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onlarla əlaqəli dözümsüzlüyün müasir formalarının yayılmasına təkan verən digər hallara qarşı mübarizə” qətnaməsini daim dəstəkləyir və hesab edir ki, belə narahatlıq doğuran meyllərin aradan qaldırılmasında birgə səylərimiz mühüm rol oynaya bilər.
“Bu il Azərbaycan xalqı ilk dəfədir ki, 1941-45-ci illər faşizm üzərində qələbəni 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunmuş böyük Zəfərin sevinc hissi ilə birgə ikiqat fəxarətlə qeyd edir. Əcdadlarımızın uğrunda mübarizə apardığı ədalət, nəhayət qələbə çaldı və Azərbaycan beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etdi”, - bəyanatda qeyd olunur. **
N.Abbasova