Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Naxçıvanda DOST Mərkəzi yaradılacaq.
“Ölkəmizdə hazırda DOST mərkəzləri yaradılır. Artıq göstəriş vermişəm ki, Naxçıvanda da DOST Mərkəzi yaradılsın. Bu da sosial təminat və pensiya təminatı sahələrində bizim növbəti uğurlu addımımızdır, milli brendimizdir”, - Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib.
O, həmçinin qeyd edib ki, yaxın gələcəkdə Naxçıvanda “ASAN xidmət” Mərkəzinin tikintisi sona çatacaq.
“Bu gün “ASAN xidmət” Mərkəzinin tikintisi ilə tanış oldum. Bu da ictimai xidmətlər sahəsində çox önəmli bir təsisatdır və ölkəmizdə hazırda 7 mərkəz tikilir, o cümlədən Naxçıvanda. Onlar istifadəyə veriləndən sonra “ASAN xidmət” mərkəzlərinin sayı 27-yə çatacaq”, - Əliyev deyib.
Bundan başqa, prezident Naxçıvanın böyük turizm potensialını qeyd edib. O, pandemiyadan sonra Naxçıvana gəlmək istəyən turistlərin sayının daha da artacağına əmin olduğunu bildirib.
“Naxçıvanın çox böyük turizm potensialı var. Bu gün yeni uçuş-enmə zolağının açılışını qeyd etdik və biz turistlərin Naxçıvana gəlməsini stimullaşdırmalıyıq. Əlbəttə, pandemiya ilə əlaqədar bütövlükdə turizm sektoru tənəzzülə uğrayıb. Amma əminəm ki, pandemiyadan sonra Naxçıvana gəlmək istəyən xarici qonaqların sayı daha da artacaq”, - prezident vurğulayıb.
O cümlədən, dövlət başçısı Naxçıvanda sənaye inkişafı məsələsinə toxunub. “Sənaye potensialı inkişaf edir, artır. Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordsmen bölgədir. Ümumi daxili məhsul 10 dəfədən çox artıb”, - Əliyev deyib.
O, həmçinin qeyd edib ki, Naxçıvanda ASK sektorunun inkişafı məsələsində yeni Süni Mayalanma Mərkəzi öz rolunu oynayacaq. “Kənd təsərrüfatı ilə bağlı görülmüş işlər nəticəsini verməkdədir. Bu gün Süni Mayalanma Mərkəzinin açılışında olduq. Bildirməliyəm ki, ölkəmizdə cəmi iki mərkəz var – biri Göygöldə, biri də Naxçıvanda. Əminəm ki, bu mərkəzin fəaliyyəti nəticəsində yaxın 4-5 ildən sonra Naxçıvanda südçülük sahəsində artıq bütün işlər tamamlanmış olacaq və Naxçıvan özünü necə ki, digər əsas ərzaq məhsulları ilə təmin edir, südlə də təmin edəcəkdir”, - prezident əminlikdə bildirib. **