Azərbaycan regionda, xüsusilə Qarabağda humanitar problemlərlə bağlı məsələlərdə xoş məram nümayiş etdirir. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Azərbaycan humanitar problemlərlə bağlı məsələlərdə xoş məram nümayiş etdirir. Bildiyiniz kimi, biz hadisələrin gələcək inkişafının humanitar aspektini nəzərə alaraq Ermənistan Respublikasının işğaldan azad edilmiş ərazilərdə avtomobil yolu boyunca yerləşən yaşayış məntəqələri arasında maneəsiz kommunikasiyanı təmin edirik, bu gün həmin avtomobil yolunun 20 kilometrdən çox hissəsi erməni vətəndaşların istifadəsindədir və bu məsələdə heç bir maneə və ya çətinlik yoxdur. Bu da Azərbaycan tərəfinin xoş məramının təzahürüdür”, - Əliyev bazar ertəsi Rusiya XİN başçısı Sergey Lavrovu qəbul edərkən bildirib.
Dövlət başçısının saytındakı məlumata görə, Əliyevin sözlərinə görə, Rusiya tərəfinin təklifinə və Azərbaycanın razılığına əsasən bir ay ərzində Rusiya ərazisində təmir işləri ilə əlaqədar Rusiyadan Ermənistana qaz Azərbaycan ərazisindən nəql edilib. “Bu da münaqişədən sonrakı vəziyyətin normallaşmasına yönəlmiş xoş məram jesti idi. Belə nümunələr çoxdur. Bunları sadalamaqla vaxtınızı çox almaq istəmirəm. Sadəcə, demək istərdim ki, biz öz tərəfimizdən həm sözdə, həm də əməli işdə hər şeyi edirik ki, münaqişədən sonrakı vəziyyət sakit şəraitdə, əsəbilik doğurmadan və Cənubi Qafqaz regionunda gələcək münasibətləri sabitlik və müəyyənlik əsasında qurmağın zəruri olması nəzərə alınmaqla cərəyan etsin”, - Azərbaycan prezidenti əlavə edib. **
A.Əzizov