Rusiya nümayəndə heyəti Bakı danışıqlarında Qarabağda ortaya çıxan məsələlərin həlli istiqamətində atılacaq addımları müəyyən etmək istəyir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Azərbaycan XİN başçısı Ceyhun Bayramovla görüşdə bildirib.
“Biz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bütün razılaşmaların tam və vicdanla yerinə yetirilməsinə hədəflənmişik”, - deyə Lavrov bildirib. - Dünən (Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə) cari məsələləri son dərəcə ətraflı müzakirə etdik. Ümidvaram ki, bu gün biz meydana çıxan məsələləri həll etməyə imkan verən konkret addımları müəyyən edə biləcəyik. Əlbəttə, vəziyyət sadə deyil, uzun illərdir həll edilməmişdi”.
Rusiya-Azərbaycan münasibətlərindən danışan RF XİN başçısı qeyd edib ki, ölkələr arasında bir çox məsələlər var, lakin problemlər yoxdur: “Onların sayı münasibətlərin çox zəngin olmasından irəli gəlir. Onlar gündən-günə zənginləşir, siyasi dialoq, ticarət, iqtisadiyyat, investisiyalar, humanitar, təhsil, mədəni əlaqələr və əlbəttə ki, beynəlxalq siyasətdən başlayaraq insan fəaliyyətinin bütün sahələrini əhatə edir”.
C.Bayramov bildirib ki, geniş gündəlik (müqavilə-hüquq bazası, hökumətlərarası komissiyaların fəaliyyəti, beynəlxalq səviyyədə qarşılıqlı fəaliyyət, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağa dair qərarlarının yerinə yetirilməsi aspektləri) nəzərə alınmaqla kifayət qədər çoxlu sayda məsələlər var.*