Azərbaycan Qarabağa dair bəyanatların həyata keçirilməsində Rusiyanın rolunu yüksək qiymətləndirir. Bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.
“10 noyabr 2020-ci il tarixində və 2021-ci ilin yanvar ayında imzalanmış üçtərəfli bəyanatlar münasibətlərin normallaşdırılması (Azərbaycan və Ermənistan arasında - İF) və regionda yeni reallıqların formalaşması üçün kifayət qədər zəruri şərtdir. Biz üçtərəfli bəyanatların həyata keçirilməsində Rusiyanın konstruktiv rolunu yüksək qiymətləndiririk. Burada baş nazir müavinlərinin sədrliyi ilə üçtərəfli komissiyanın işini də qeyd etmək istərdim. Biz, həmçinin Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətini, eləcə də rusiyalı istehkamçıların işini də yüksək qiymətləndiririk”, - deyə Bayramov bu gün rusiyalı həmkarı Sergey Lavrovla keçirilən birgə mətbuat konfransında bildirib.
Nazir əlavə edib ki, Azərbaycan üçtərəfli sazişlərin bəndlərinin yerinə yetirilməsinə tam əməl edir və ilk gündən çoxlu sayda birtərəfli addımlar atıb.
“Misal olaraq humanitar yüklərin Azərbaycan ərazisindən daşınmasının təşkilini, kommunikasiyaların açılmasını qeyd etmək olar. Azərbaycan hərbçilərinin iştirakı ilə axtarış işləri təşkil edilib. Altı ay ərzində (Qarabağ müharibəsi başa çatdıqdan sonra – İF) 1,6 minə yaxın hərbçinin cəsədi Ermənistan tərəfinə təhvil verilib. Azərbaycan, həmçinin hərbi əsirlərin Ermənistan tərəfinə verilməsi ilə bağlı bütün şərtləri yerinə yetirib”, - deyə Bayramov əlavə edib.*
Ə.Məmmədov