Ermənistan Qarabağa dair üçtərəfli razılaşmaların həyata keçirilməsində konstruktiv yanaşma nümayiş etdirmir, prosesi əngəlləyir. Bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Ermənistan 30 il ərzində Azərbaycan ərazisində həyata keçirdiyi hərbi cinayətləri davam etdirir. Bu gün bu, mina xəritələrinin verilməsindən imtina etməklə davam edir və nəticədə altı ay ərzində (Qarabağda müharibənin başa çatmasından sonra – İF) 22 nəfər həlak olub, 100-dən çox insan yaralanıb. Təəssüf ki, bu faciəli statistikanın Rusiya sülhməramlıları ilə də bağlılığı var. Ermənistan, həmçinin hələ birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 4 min azərbaycanlı haqqında məlumat verməkdən də imtina edir”, - deyə Bayramov bu gün rusiyalı həmkarı Sergey Lavrovla keçirilən birgə mətbuat konfransında bildirib.
XİN başçısı Ermənistanı nizamlanma prosesini ləngitmək cəhdlərində və üçtərəfli sazişlərin şərtlərinə əməl etməməkdə ittiham edib.
“Təəssüf ki, biz tez-tez Ermənistan tərəfindən qeyri-konstruktiv yanaşma görürük. Çox vaxt bu yanaşmalar üçtərəfli bəyanatların yerinə yetirilməsini ləngidir, prosesə lüzumsuz gərginlik, əsəbilik verir və ona əngəl törədir. Üçtərəfli bəyanatların pozulması faktları arasında erməni hərbçilərin ötən ilin noyabr ayının sonu və dekabrın əvvəllərində Azərbaycan ərazisinə soxulması cəhdini və cinayət törətmələrini qeyd etmək olar, bunun nəticəsində azərbaycanlı hərbçilər yaralanıb və həlak olub. Hazırda həmin şəxslərin bir hissəsi ilə bağlı araşdırmalar davam etdirilir”, - deyə Bayramov bildirib. O əlavə edib ki, bu şəxslər üçün beynəlxalq hüquqa uyğun olaraq bütün lazımi saxlanma şəraiti yaradılıb.
Bayramov Ermənistan cəmiyyətində revanşist əhval-ruhiyyənin qalmasının təhlükəli olduğunu da qeyd edib.
“Bu meyilləri çox təhlükəli hesab edirik və onları diqqətlə izləməyə davam edəcəyik”, - deyə XİN başçısı əlavə edib.*
Ə.Məmmədov