Prezident İlham Əliyev bu gün Kazan şəhərindəki məktəbdə atışma nəticəsində həlak olanlarla əlaqədar rusiyalı həmkarı Vladimir Putinə başsağlığı verib.
“Kazan məktəblərinin birində atışma nəticəsində uşaqların və yaşlıların həlak olması xəbəri məni dərindən sarsıdıb. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, zərər çəkənlərin hamısının tezliklə sağalmasını arzu edirəm”, - deyə dövlət başçısının saytında dərc olunmuş başsağlığında bildirib.
Prezident İlham Əliyev, həmçinin Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanova da başsağlığı verib.
“Kazan şəhərindəki 175 nömrəli məktəbdə atışma nəticəsində uşaqların və yaşlıların həlak olması haqqında xəbəri dərin hüznlə qəbul etdik. Bu əvəzedilməz itkiyə görə dərdinizə şərik olaraq Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, zərər çəkənlərin hamısının tezliklə sağalmasını arzu edirəm”, - deyə başsağlığı məktubunda qeyd olunur.*
Ə.Məmmədov