Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanla telefon danışığı aparıb, Dağlıq Qarabağ ətrafında vəziyyətin müzakirəsi davam etdirilib. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Bu yaxınlarda Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidentlə bağlı fikir mübadiləsi zamanı Vladimir Putin Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının bütün müddəalarının ciddi şəkildə yerinə yetirilməsinin vacibliyini vurğulayıb”, - deyə məlumatda bildirilir.
Rusiya tərəfi regionda sabitliyin təmin olunması üçün fəal vasitəçilik səylərinin davam etdirilməsi, İrəvan və Bakı ilə sıx əlaqələrin saxlanılması niyyətini təsdiqləyib.
“Nikol Paşinyan yaranan bütün problemlərin yalnız dinc, siyasi-diplomatik vasitələrlə həll olunması üçün konstruktiv dialoqun və qarşılıqlı fəaliyyətin tərəfdarı olduğunu deyib”, - deyə məlumatda qeyd olunur.
Həmçinin Cənubi Qafqazda iqtisadi və nəqliyyat-logistika əlaqələrinin bərpası məsələlərinə də toxunulub.
Telefon danışığı mayın 13-də Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.*