Ermənistan Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin ölkə ərazisinə yeridilməsindən sonra respublika sərhədlərində vəziyyətin inkişafı ilə bağlı mümkün “pis ssenarilərə” hazır olmalıdır. Bunu Ermənistan baş nazirinin müavini Tiqran Avinyan deyib.
“Danışıqlar davam edir, indiki mərhələdə yekun nəticə yoxdur. Biz vəziyyəti sülh yolu ilə həll etmək istəyirik və sakit rejimdə danışıqlar aparmağa hazırıq, lakin mümkün pis ssenarilərə də hazır olmalıyıq”, - deyə Avinyan Sünik vilayətinin Gorus şəhərində jurnalistlərə bildirib.
Onun sözlərinə görə, İrəvan pis ssenari halında müttəfiqlərindən dəstək gözləyir.
“Ümid edirəm ki, pis ssenarilər olmayacaq. Azərbaycan tərəfi vəziyyətin sülh yolu ilə həll olunması üçün səylərini təsdiq edir, vəziyyəti gərginləşdirəcək addımlar atmaq istəmir. Lakin biz bütün ssenarilərə hazırıq”, - deyə Avinyan qeyd edib.
O bildirib ki, Ermənistan respublika sərhədlərindəki vəziyyətlə bağlı KTMT-yə müraciət edib.
“Biz böhran vəziyyətinin daha da dərinləşməsinin qarşısını almaq üçün KTMT-yə müraciət etmişik”, - deyə müavin əlavə edib.*