Mayın 14-də xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker arasında telefon danışığı baş tutub. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
“Tərəflər bölgədə mövcud olan cari vəziyyət, Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik ilə bağlı fikir mübadiləsi aparıblar. Bu kimi gərginliklərin diplomatik yolla və danışıqlar vasitəsilə həllinin vacibliyi vurğulanıb”, - deyə məlumatda bildirilir.
Nazir Ceyhun Bayramov Azərbaycanın bölgədəki gərginliyin aradan qaldırılmasına sadiq olduğunu vurğulayıb. O, sərhəddə yaşanan gərginliyin qısa müddət ərzində həlli üçün bir neçə saat ərzində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin bölgəyə ezam edildiyini və qarşı tərəflə danışıqların aparıldığını həmsöhbətin diqqətinə çatdırıb.*
Ə.Məmmədov