Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell bu gün bəyan edib ki, Aİ Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələri diqqətlə izləyir.
“Mənim adımdan Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibi Stefano Sannino mayın 13-də Ermənistan xarici işlər naziri Ara Ayvazyan, mayın 14-də isə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla əlaqə saxlayaraq, hər iki tərəfi son dərəcə təmkinli olmağa və vəziyyəti gərginləşdirməməyə çağırıb”, - deyə Borrellin bəyanatında bildirilir.
Sənəddə qeyd olunur ki, Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ATƏT sədrliyi ilə əlaqə saxlayıb.
“Sərhədlərin delimitasiyası və demarkasiyası yerli əhalinin təhlükəsizliyi naminə danışıqlar yolu ilə həll olunmalıdır. Biz iki tərəf arasında texniki səviyyədə davam edən təmasları alqışlayırıq”, - deyə o vurğulayıb.*