Prezident İlham Əliyev bəyan edib ki, Ermənistanın Azərbaycan-Ermənistan sərhədində vəziyyətlə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməsi əsassızdır və məsələnin beynəlmiləlləşdirilməsi cəhdindən başqa bir şey deyil.
Azərbaycan Prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, İ.Əliyev bu sözləri mayın 17-də Qazaxıstan Respublikasının prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığı zamanı deyib.
“Ermənistanın Azərbaycan-Ermənistan sərhədində vəziyyətlə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməsi məsələnin beynəlmiləlləşdirilməsi cəhdindən başqa bir şey deyil və bu, tamamilə əsassızdır, sərhəddə hər hansı bir toqquşma baş verməyib, vəziyyət sabitdir, danışıqlar davam etdirilir”, - deyə o bildirib.
Dövlət başçısı əlavə edib ki, hazırda sərhədin dəqiqləşdirilməsi prosesi gedir və Ermənistan tərəfi bu prosesə qeyri-adekvat reaksiya nümayiş etdirir.
Telefon danışığı Azərbaycan tərəfinin təşəbbüsü ilə baş tutub. Azərbaycan Prezidenti Qazaxıstan dövlətinin başçısını ad günü münasibətilə təbrik edib.
“Dövlət başçıları ölkələrimiz arasında dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə bir daha əmin olduqlarını bildiriblər”, - deyə məlumatda qeyd olunur.*
B.Rüstəmbəyov